ELM VƏ TƏHSİL
MƏKTƏBDƏ İNTERNET KOMPÜTER MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC-ın verdiyi xəbərə görə, mərkəz ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Azərbaycan Məktəb Əlaqələndirmə Proqramı çərçivəsində yaradılmışdır. 2001-ci ilin avqustundan həyata keçirilən, vətəndaş təhsilini təbliğ edən və ölkəmizin orta məktəblərində informasiya mənbələrindən pulsuz istifadə imkanları yaradan proqram Project Harmony təşkilatı tərəfindən idarə olunur.
Təhsil nazirinin müavini Elmar Qasımov və digər çıxış edənlər bu təşkilata minnətdarlıqlarını bildirmişlər. Sonra yeni mərkəzdə kompüter proqramlarının və internet resurslarının təhsildə istifadə üsulları göstərilmişdir. Bildirilmişdir ki, yanvarın sonunadək Bakının daha dörd təhsil ocağında - Yasamal rayonundakı Avropa litseyində, Nəsimi rayonundakı 35, Nərimanov rayonundakı 177, Səbail rayonundakı 49 nömrəli orta məktəblərdə də belə mərkəzlər açılacaqdır.