ELM VƏ TƏHSİL
MƏKTƏBLİ YAZARIN BEŞ KİTABI NƏŞR OLUNMUŞDUR
Dekabrın 6-da Bakı şəhərinin Nəsimi rayonunda Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbdə 8-ci sinif şagirdi, gənc yazar Nicat Hüseynovun əsasən fantastik nağıllardan ibarət olan “Hökmdarsız nağıllar ölkəsi”, “Sehirli yazı lövhələri” və s. kitablarının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə N.Hüseynovun yaradıcılığı haqqında məlumat verildi, indiyədək onun Azərbaycan və rus dillərində 5 kitabının nəşr olunduğu və oxucular tərəfindən maraqla qarşılandığı diqqətə çatdırıldı.
Təhsil naziri Misir Mərdanov çıxış edərək məktəbdə belə bir mərasimin təşkil olunmasından məmnun qaldığını bildirdi. Məktəbli yazar N.Hüseynovu, onun müəllimlərini və valideynlərini təbrik etdi, istedadlı şagirdlərə hər cür qayğı və diqqət göstərilməsinin vacibliyini vurğuladı.
Sonra məktəbli yazar öz fantastik nağıllarının süjetindən və qəhrəmanlarından söhbət açdı, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.