DÜNYA
MALAYZİYALI KOSMOSDA İLK DƏFƏ ORUC TUTACAQDIR
AZƏRTAC Rusiya informasiya agentliklərinə istinadla xəbər verir ki, oktyabrın 10-da Baykonur kosmodromundan 11 günlük uçuşa yola düşəcək malayziyalı kosmonavt kosmosda oruc tutan ilk müsəlman olacaqdır.
İndi Rusiya kosmik mərkəzində iki malayziyalı namizəd hazırlıq keçir.
Malayziya İslam İnkişafı Departamentinin nümayəndəsi Anan Mohdun dediyinə görə, bu ölkənin üləmaları kosmosda islam mərasimlərinin yerinə yetirilməsinə dair göstərişlərin işlənib hazırlanmasına ciddi yanaşmışlar. Alimlərin yekun rəyləri namizədlərə verilmiş beşsəhifəlik təlimatda öz əksini tapmışdır.
Çəkisizlik şəraitində yerinə yetirilməsi çətin olan gündəlik islam mərasimlərinə gəldikdə, alimlər kosmonavtlara mövcud şəraitdən asılı olaraq, namaz qılmağa icazə vermişlər. Qiblənin təyin olunması barəsində təlimatda deyilir ki, kosmonavt onu imkan daxilində müəyyən etməlidir.
Üləmalar kosmonavtlara kosmosda oruc tutmaq və ya ondan imtina etmək və geri dönəndən sonra orucun buraxılmış günlərinin Yerdə əvəzini ödəmək arasında seçim etmək imkanı vermişlər.
Bu kosmik uçuşun layihəsi hələ 2003-cü ildə Malayziyanın Rusiyadan 18 Su-30 MKM qırıcı təyyarəsinin alınması haqqında saziş çərçivəsində yerətrafı orbitə malayziyalı kosmonavtın göndərilməsinə razılıq verdiyi vaxt razılaşdırılmışdı.
Malayziya 2020-ci ilədək öz kosmonavtını Aya da göndərməyi nəzərdə tutur.