İQTİSADİYYAT
MALİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Respublikamızda sığorta işinin inkişaf etdirilməsi, etibarlı sığorta təminatının yaradılması, sığorta fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədi ilə, habelə “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2001-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Belə ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin “Sığortaçıların və təkrar sığortaçıların nizamnamə kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında” müvafiq qərarının tələblərinin yerinə yetirilməməsi ilə bağlı olaraq, “Sığorta haqqında” qanuna və “Sığorta fəaliyyətinə xüsusi razılıq \lisenziya\ verilməsi Qaydaları”na əsasən Maliyyə Nazirliyinin qərarı ilə “Yu-Si İnşurans”, “Azad-Koroğlu”, “Zamin”, “Məşəl”, “Azərnəqliyyatsığorta”, “Qolden Şild”, “Şəfəq” və “Milan-Həyat” sığorta şirkətlərinin lisenziyalarının fəaliyyəti dayandırılmışdır.
Bundan başqa Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində aşkar olunmuş qanun pozuntuları və nöqsanlara görə “Odlar yurdu” sığorta şirkətinin lisenziyası ləğv edilmiş, “Azərdəmiryolsığorta” və “Şans” sığorta şirkətlərinin lisenziyalarının fəaliyyəti dayandırılmışdır. “MSİ” sığorta şirkətində külli miqdarda vergidən yayınma faktının və digər ciddi qanun pozuntularının aşkar olunması ilə əlaqədar şirkətin lisenziyası ləğv edilməklə, yoxlama materialları Azərbaycan Respublikası Prokurorluğuna göndərilmişdir.
Eyni zamanda, “Anqlo-Azərbaycan sığorta Ko LTD” \Azərbaycan-İngiltərə birgə müəssisəsi\ və “Elm” sığorta şirkətlərinə verilmiş lisenziyalar fəaliyyət müddətləri başa çatdığı üçün etibarsız sayılmışdır.