İQTİSADİYYAT
MALLARIN SATIŞI VƏ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ İLƏ MÜŞAYİƏT OLUNAN LOTEREYALARIN BURAXILIŞI, TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ QAYDALARI TƏSDİQ EDİLMİŞDİR
Komitənin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu qaydalarda stimullaşdırıcı lotereya, tirajlı stimullaşdırıcı lotereya, ani stimullaşdırıcı lotereya, vasitə, uduş fondu, uduş və s. anlayışlar açıqlanır. Qaydalarda stimullaşdırıcı lotereyanın təşkilinin və keçirilməsinin əsasları müəyyən edilir. Sənədə əsasən, stimullaşdırıcı lotereyanın keçirilməsi yalnız reklam xarakteri daşımalıdır. Oyunun şərtlərində aşağıdakı məlumatlar göstərilməlidir: təşkilatçının adı və ünvanı, lotereyanın adı və forması, keçirilməsi müddəti, keçirildiyi ərazi, obyekt (yəni mal və xidmət) haqqında məlumat, vasitənin əldə edilməsi şərtləri, uduş fondunun tərkibi, uduşların adları, hərəsinin miqdarı, yalnız pul vəsaitlərindən ibarət olan uduş fondunun məbləği, uduş fondunun oynanılması qaydası, uduşların verilməsi qaydası və müddəti, təşkilatçı tərəfindən məlumatların açıqlanması qaydası və s.
Stimullaşdırıcı lotereyanın təşkilatçısı kampaniyanın keçirilməsinə başlamamışdan QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir: təşkilatçı haqqında məlumatı açıqlayan bildiriş; oyunun şərtləri; təşkilatçı hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti; vergi orqanlarında uçota alınması haqqında sənədin surəti; lotereyanın obyekti və onun müvafiq standartların tələblərinə cavab verməsi və ya sertifikatlaşdırılması barədə məlumat; vasitənin təsviri və ya kuponun nümunəsi; oyun tapşırıq müqaviləsinə əsasən başqa şəxs tərəfindən keçirildiyi halda həmin müqavilənin tapşıran şəxs tərəfindən təsdiq edilmiş surəti.
On beş iş günü ərzində QKDK tərəfindən lotereyanın keçirilməsi qadağan olunmadıqda təşkilatçı oyunu keçirmək hüququnu əldə edir.
Qaydalarda, həmçinin oyunun keçirilməsini qadağan edən əsaslar, stimullaşdırı lotereyada istifadə olunan vasitələr, tiraj komissiyasının funksiyası, uduşların verilməsi şərtləri, lotereyanın təşkilatçısı tərəfindən məlumatların açıqlanması qaydaları müəyyən edilmişdir.