İQTİSADİYYAT
MAQATE və FAO yeyinti məhsullarının saxtalaşdırılmasına qarşı mübarizədə ölkələrə kömək edəcəklər
Bakı, 10 iyun, AZƏRTAC
Plastik kütlədən düyü, artıq işlənmiş yağdan bitki yağı, içərisinə ləpə yerinə xırda daşlar doldurulmuş qoz, tabaşirdən süd: yeyinti məhsullarının saxtalaşdırılması həqiqətən ölçüyəgəlməz miqyas alıb. ABŞ Yeyinti Məhsulları İstehsalçıları Assosiasiyasının hesablamalarına görə, fırıldaqçılıq hər il yeyinti sənayesinə 10-15 milyard dollar ziyan vurur. Bu isə o deməkdir ki, kommersiya məqsədi ilə satılan bütün məhsulların 10 faizi saxtadır.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə portativ əl qurğularının işlənib hazırlanmasına hazırlaşır. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu qurğunun köməyi ilə saxta məhsulları tez və asanlıqla aşkar etmək olar.
İon mütəhərrikliyinin spektrometriyası, qanunsuz narkotik vasitələrin və partladıcı maddələrin aşkar edilməsi zamanı istifadə olunan nüvə texnologiyası yeyinti məhsullarında kənar qatışıqların, çirkin və kifin mövcudluğunu yoxlamaq üçün nöqtəvi testlərin keçirilməsinə uyğunlaşdırılan az sayda metodlardandır.
Bu layihə 13 ölkənin, o cümlədən Rusiya, ABŞ, Böyük Britaniya, İsveç, Uqanda, Hindistan, Çin, Avstriya və s. ölkələrin alimlərini birləşdirən layihədir. Ekspertlərin birinci görüşü may ayında Vyanada keçirilib. İlk nəticələr yaxın iki il ərzində gözlənilir.