İDMAN
MARADONA XƏSTƏXANAYA DÜŞMÜŞDÜR
AZƏRTAC-ın informasiya agentliklərindən aldığı xəbərə görə, Argentina futbolunun fövqəlulduzu Diyeqo Maradona bazar günü axşam ürək tutması ilə əlaqədar təcili olaraq xəstəxanaya aparılmışdır.
Buenos-Ayresdə yayılmış tibb bülletenində deyilir ki, Maradona Argentina-İsveçrə klinikasının intensiv terapiya şöbəsində yerləşdirilmiş və genişlənmiş kardiopatiya fonunda hipertonik böhranla əlaqədar süni nəfəs aparatına qoşulmuşdur.
Maradonada yüksək arterial təzyiq qeydə alınmışdır, hemodinamika kursu aparılır. Çətinliklə nəfəs aldığına görə onun ağciyərlərinə intubasiya edilmişdir.
Təcili tədbirlər görüldükdən sonra xəstənin halı sabitləşmişdir və həkimlər onun vəziyyətini qənaətbəxş sayırlar.