SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Tədbirin iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Seminar-müşavirəni giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yeni təyin edilmiş dairə seçki komissiyalarının üzvlərini təbrik etmiş və onlara işlərində uğurlar arzulamışdır. Sədr bildirmişdir ki, hər bir cəmiyyətdə demokratiyanın səviyyəsinin əsas göstəricilərindən biri seçkilərdir və fəxrlə deyə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin də mövqeyi cəmiyyətimizin demokratiyaya doğru sürətli inkişafından ibarətdir. Dövlət başçısının belə mövqeyi demokratik seçkilərin keçirilməsi üçün çox əhəmiyyətli amildir. Prezident bu məsələ ilə bağlı öz siyasi iradəsini əvvəlki seçkilərdə də ortaya qoyur. 2005-ci il 6 noyabr parlament seçkiləri ərəfəsində imzalanmış iki məlum sərəncam və Prezidentin çıxışlarında yer almış məqamlar bunu sübut edir. Təkrar seçkilərlə bağlı ölkə rəhbərliyinin mövqeyi daha da prinsipialdır. Təkrar seçkilər cəmi 10 dairədə keçirilsə də Seçki Məcəlləsinin və digər müvafiq hüquqi-normativ aktların tələblərinə ciddi əməl olunmalıdır. Ötən seçkidə olduğu kimi qanun pozuntusuna yol verən şəxslər qanuni cəzalarını alacaqlar. Ona görə də Azərbaycan Respublikası vətəndaşlarının konstitusiyamızda təsbit edilmiş seçmək və seçilmək hüquqlarının həyata keçirilməsinə maksimum şərait yaradılmalıdır. Eyni zamanda, seçkilərin demokratik keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə təsir göstərdiyini nəzərə alsaq seçki qurumlarında çalışan şəxslərin üzərinə nə qədər ağır yük, böyük məsuliyyət düşdüyünü təsəvvür etmək olar. Dövlətin maraqları hər şeydən üstün olmalıdır.
Hazırda namizədlərin irəli sürülməsi və qeydə alınması prosesinin getdiyini deyən MSK sədri DSK üzvlərinə namizədlərə yardımçı olmağı və qanunun tələblərini onlara izah etməyi məsləhət görmüş və seçici siyahılarının dəqiqləşdirilməsi işində diqqətli olmağı tövsiyə etmişdir.
Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev “Seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin siyahılarla tanış edilməsi”, MSK-nın katibi Natiq Məmmədov “Milli Məclisə təkrar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi, qeydiyyata alınması ilə bağlı sənədlərin yoxlanılması və dairə seçki komissiyası qərarının qəbul edilməsi qaydaları”, komissiyanın üzvü Azər Tağıyev isə “seçkiqabağı təşviqatın aparılması” mövzularında çıxış etmişlər.
Tədbirin sonunda Mərkəzi Seçki Komissiyasının sədri və məruzəçilər dairə seçki komissiyaları üzvlərinin suallarını cavablandırmışlar.