SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İkinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə birmandatlı 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələrində deputat mandatlarının boş qalması ilə əlaqədar 2003-cü il martın 5-də əlavə seçkilər keçirilmişdir. Seçki dairələrində deputatlığa 11 namizəd səsə qoyulmuşdur.
İlkin məlumata görə, səsvermədə seçici siyahılarına daxil edilmiş seçicilərin 14 saylı Qaradağ seçki dairəsində 41,96 faizi, 69 saylı İsmayıllı seçki dairəsində 38,85 faizi, 91 saylı Xanlar-Daşkəsən seçki dairəsində isə 51,58 faizi iştirak etmişdir. Hər üç seçki dairəsində səsvermədə seçicilərin 25 faizdən çoxu iştirak etdiyinə görə, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin 2.1-ci bəndinə əsasən, seçkilər baş tutmuş hesab olunur.
Seçki dairələrinin seçki məntəqələrində səsverməni 16 beynəlxalq təşkilatın, o cümlədən Avropa Şurasının, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), Beynəlxalq Respublikaçılar İnstitutunun, ABŞ, Böyük Britaniya, Polşa və Norveç səfirliklərinin, Ukrayna Mərkəzi Seçki Komissiyasının, Avrasiya Fondunun, Amerika Vəkillər Assosiasiyasının, Sosial-Strateji Araşdırmalar İctimai Birliyinin, “Dünyanı Öyrənmə”, Katolik Yardım Xidmətləri, Vətəndaş Demokratiya Korpusu, Land O”Lakes qurumlarının və Norveç Qaçqınlar Şurasının 115 nümayəndəsi, siyasi partiyaların 750-dən çox müşahidəçisi, eləcə də kütləvi informasiya vasitələrinin çoxsaylı nümayəndələri izləmişlər.
Gün ərzində Mərkəzi Seçki Komissiyasına səsvermənin nəticələrinə təsir göstərə biləcək hər hansı qanun pozuntusu barədə məlumat daxil olmamışdır.
Hazırda dairə seçki komissiyalarında səsvermənin nəticələri müəyyənləşdirilir.