SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI TƏKRAR SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAMIŞDIR
24 saylı Nizami birinci seçki dairəsindən 7 namizəd, 29 saylı Səbail seçki dairəsindən 3 namizəd, 101 saylı Xanlar-Daşkəsən seçki dairəsindən isə 4 namizəd deputat mandatı uğrunda mübarizə aparmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov AZƏRTAC-a bildirmişdir ki, ilkin nəticələrə görə, 24 saylı Nizami birinci seçki dairəsindən namizədlərdən Quliyev Eldar Allahyar oğlu seçicilərin səsinin 68,42 faizini, 29 saylı seçki dairəsindən Xanbabayeva Afət Əjdər qızı seçicilərin səsinin 84,17 faizini, 101 saylı Xanlar-Daşkəsən seçki dairəsindən isə Rzayev Rövşən Şükür oğlu seçicilərin səsinin 80,05 faizini toplaya bilmişdir.
Səsvermə müddətində Mərkəzi Seçki Komissiyasına səsvermənin nəticələrinə təsir edə biləcək ciddi iradlar barədə yerlərdən məlumatlar daxil olmamışdır. 29 saylı Səbail seçki dairəsinin 20 saylı məntəqəsindən və 24 saylı Nizami birinci seçki dairəsinin 2 saylı məntəqəsindən Amerika Birləşmiş Ştatlarının müşahidəçiləri müəyyən iradlarını bizə bildirmişlər və MSK-nın nümayəndələri həmin məntəqələrdə olaraq məsələni operativ həll etmişlər. Tam məsuliyyətlə deyə bilərəm ki, sözü gedən bu iradlar həmin dairələr üzrə səsvermənin nəticələrinə heç bir təsir edə bilməz.