SİYASƏT
MƏRMƏRƏ QRUPU STRATEJİ VƏ SOSİAL ARAŞDIRMALAR FONDUNUN SƏDRİ AKKAN SUVER: ”İLHAM ƏLİYEVİN BAŞ NAZİR VƏZİFƏSİNƏ SEÇİLMƏSİNİ SEVİNCLƏ QARŞILADIQ”
Avqustun 4-də Türkiyənin nüfuzlu siyasətçilərinin, tanınmış elm, mədəniyyət, din xadimlərinin, iqtisadiyyatçıların və iş adamlarının üzv olduqları Mərmərə qrupu strateji və sosial araşdırmalar fondunun sədri Akkan Suver AZƏRTAC-ın Türkiyədəki müxbir məntəqəsinə müraciət göndərmişdir. Müraciətdə deyilir:
“Hörmətli İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi xəbəri Türkiyədə böyük sevinclə qarşılanmışdır.
Dost və qardaş Azərbaycanın, ümumiyyətlə bütün regionun problemlərini yaxşı bilən İlham Əliyevin belə bir yüksək vəzifəyə təyin edilməsini yalnız Azərbaycanın deyil, bölgənin də gələcəyi, sabitliyi və əmin-amanlığı baxımından çox əhəmiyyətli və müdrik bir qərar kimi dəyərləndiririk.
Qardaş Azərbaycanın Baş naziri möhtərəm İlham Əliyevin eyni zamanda fondumuzun fəxri üzvü olması bizim üçün böyük qürurdur.
Dost və qardaş Azərbaycanın yeni Baş naziri möhtərəm İlham Əliyevə müvəffəqiyyətlər arzulayırıq”.