ELM VƏ TƏHSİL
MARSA ROBOT GÖNDƏRİLMƏSİ TƏXİRƏ SALINDI
AZƏRTAC “Azadlıq” radiosuna istinadla xəbər verir ki, Amerika Aerokosmik Agentliyi – NASA Marsa xüsusi tədqiqatçı robot aparmalı olan “Delta-2” raketinin iyunun 29-na nəzərdə tutulmuş buraxılışını sabahadək təxirə salmışdır. Buna səbəb hava şəraitinin əlverişsiz olmasıdır. Altıtəkərli bu kiçik aparat Marsda, ilk növbədə, su mənbələri axtarmalıdır. Xatırladaq ki, NASA digər belə robotu Marsa iyunun 10-da göndərmişdi. Hər iki robot bu planetə yanvar ayınadək çatanadək, Yaponiyanın və Avropa Kosmik Agentliyinin buraxdığı oxşar aparatlar artıq orada olacaqdır. Hazırda Yer və Mars planetləri son 15 min il ərzində bir-birinə ən yaxın məsafədədir. Bu isə tədqiqatçıların vəzifəsini asanlaşdırır.