DÜNYA
MARS PLANETİNDƏ QƏDİMDƏ NƏHƏNG GÖL OLMUŞDUR
Bakı, 11 iyun (AZƏRTAC). ABŞ-ın Planetologiya İnstitutunun mətbuat xidməti xəbər verir ki, Mars planetinin geoloji xəritəsinin yaradılmasına dair yeni layihə keçmişdə həmin planetin cənub yarımkürəsində, indiki Ellada düzənliyində diametri 2 min kilometr və dərinliyi 8 kilometrə bərabər nəhəng gölün mövcudluğu barədə ehtimalı təsdiq etməyə imkan vermişdir.
Doktor Lesli Blimasterin rəhbərliyi altında bir qrup alim Viking Orbiter, Mars Odyssey və digər Mars zondlarının məlumatları əsasında regoinun tam geoloji xəritəsini hazırlamışdır. Məlum olduğuna görə, Ellada düzənliyində Marsa çox güclü zərbə nəicəsində yaranmış dairəvi çökəklikdə olan lay çöküntülər yalnız həmin rayonda iri açıq su hövzələri sayəsində mövcud ola bilərdi.
Lesli Blimasterin dediyinə ğörə, xəritənin köməyi ilə geoloji məlumatları əvvəlki tədqiqat işlərinin nəticələri ilə uyğunlaşdıraraq ehtimal edilən gölün mövcudluğu tarixini müəyyənləşdirmək mümkün olmuşdur. Alimlər Marsda nəhəng gölün eramızdan 4,5-3,5 milyard il əvvəl mövcud olduğunu ehtimal edirlər.