“MART SOYQIRIMI FOTOLARDA VƏ SƏNƏDLƏRDƏ” ADLI SƏRGİ AÇILMIŞDIR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar İstiqlal muzeyində “Mart soyqırımı fotolarda və sənədlərdə” adlı sərgi-tədbir keçirilmişdir.
Sərgidə ermənilərin 1918-ci ildə Bakıda və Şuşada törətdikləri dağıntıları və qəddarlıqları əks etdirən nadir sənədlər və fotoşəkillər nümayiş olunur.
Muzeyin direktoru Fəridə Şəmsi ermənilərin təkcə 1918-ci il martın 31-də deyil, zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımından, vəhşiliklərindən danışmışdır. Bildirilmişdir ki, Bakı məktəblilərinin bu hadisələrə nə dərəcədə bələd olduqlarını öyrənmək məqsədi ilə mart ayı ərzində muzeydə yuxarı sinif şagirdləri arasında 31 mart soyqırımı ilə bağlı test müsabiqəsi keçirilmişdir. Bu günlərdə qaliblərə muzeyin mükafatları təqdim olunacaqdır.
Dənizçilik Akademiyası kursantlarının, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, muzeyin elmi işçisi Orxan Nəcəfov və başqaları məruzə etmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var