MƏDƏNİYYƏT
MƏŞHUR ALMAN DİRİJORU PONELLİ FİLARMONİYADA KONSERT VERƏCƏKDİR
Filarmoniyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, P.D.Ponelli avstriyalı, dünya şöhrətli dirijor Herbert fon Karayanın tələbəsidir. Dünyanın ən məşhur orkestrlərinə dirijorluq edən Ponelli İspaniya, Almaniya, Braziliya, İtaliya, Rumıniya, Yunanıstan, Fransa, İngiltərə, Polşa və Rusiyanın möhtəşəm səhnələrində böyük uğurlar qazanmışdır.
P.D.Ponellinin adı ölkəmizin musiqi ictimaiyyətinə də çox yaxşı tanışdır. Məşhur sənətkar Bakıya ilk dəfə 2002-ci ildə gəlmiş, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Aida” operasına böyük məharətlə dirijorluq etmişdir. Görkəmli maestronun yüksək peşəkarlıq səviyyəsini tamaşaçılar və musiqişünaslar yüksək qiymətləndirmişlər.
Konsertdə L.Bethovenin 4 saylı simfoniyası, Q.Qarayevin “7 gözəl” baletindən süita, İ.Ştrausun “Uçan yarasa” operettasından uvertüra ifa ediləcəkdir.