MƏDƏNİYYƏT


MƏŞHUR PAULO KOELONUN “ƏLKİMYAGƏR” ROMANI AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ EDİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, oktyabrın 11-də Yazıçılar Birliyində məşhur Braziliya yazıçısı Paulo Koelonun “Əlkimyagər” kitabının Aytən Qiyasovanın ingilis dilindən tərcüməsinin təqdimat mərasimi olmuşdur.

“Dünya ədəbiyyatı” toplusunun baş redaktoru, şair-tərcüməçi Səlim Babullaoğlu tədbiri açaraq Paulo Koelo haqqında ətraflı məlumat verərək demişdir ki, 1947-ci ildə Rio-de-Janeyroda anadan olan yazıçı əvvəllər teatr rəhbəri, aktyor, mahnılara söz yazan şair, jurnalist kimi fəaliyyət göstərmişdir. Hazırda müasir dünyanın ən çox oxunan yazıçılarındandır. Onun indiyədək 61 dilə tərcümə olunmuş 75 milyon nüsxə kitabı satılmışdır. Amma yazıçını beynəlxalq aləmdə daha çox məşhurlaşdıran onun “Əlkimyagər” əsəri olmuşdur. Roman XX əsrin mühüm ədəbi hadisəsi kimi dəyərləndirilmişdir. Metafizik realizm üslubunda yazılan və 18 ölkədə ən yaxşılar arasında birinci yerə layiq görülmüş bu əsərin 30 milyon nüsxəsi artıq satılmışdır.

“Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı əsərin tərcümə dilindən danışmışdır. Bildirmişdir ki, tərcüməçi Aytən Qiyasova böyük hazırlıqdan - yazıçını öyrəndikdən və əsərin ruhunu əxz etdikdən sonra bu işə başlamışdır. Buna görədir ki, o, yazıçının fikirlərini, əsərin yazılması məqsədini olduqca sadə və mənalı dildə oxucuya çatdıra bilmişdir.

Tərcümə prosesindən danışan A.Qiyasova vurğulamışdır ki, “Əlkimyagər” ürəyimizi dinləmək, həyatımız boyunca səpələnmiş işarələri oxumaq və ən əsası, arzularımızı həyata keçirmək istiqamətində insanı dəyişdirən bir əsəridir. Ona görə də romanı Azərbaycan oxucularına təqdim etməyi özümə borc bildim. İnanıram ki, bu əsər həyat yolunun müəyyən məqamında tərəddüd edən neçə-neçə azərbaycanlı gəncin əlindən tutacaq, özünü dəyişdirmək istiqamətində onun köməkçisinə çevriləcəkdir.

Natiqlər tərcüməçini təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.