İQTİSADİYYAT
“MBA-Moskva” Bankı pensiya yığımlarını yerləşdirən Rusiya bankları sırasına daxil olub
Bakı, 16 fevral, AZƏRTAC
Rusiya Bankı “MBA-Moskva” Bankını pensiya vəsaitlərinin yığımını yerləşdirmək tələblərinə cavab verən kredit təşkilatları siyahısına daxil edib.
AZƏRTAC bankın saytına istinadla xəbər verir ki, Rusiya Bankı “MBA-Moskva” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məcburi pensiya sığortası və hərbi qulluqçuların mənzil təminatı üçün yığımlar həyata keçirən qeyri-hökumət pensiya fondları tərəfindən pensiya vəsaitlərinin yerləşdirilməsi tələblərinə cavab verən müvafiq kredit təşkilatlarının siyahısına daxil edib. Siyahı Rusiya Mərkəzi Bankının “Məcburi pensiya sığortası həyata keçirən qeyri-hökumət pensiya fondunun pensiya vəsaitlərinin yığımının maliyyələşdirilməsinə əlavə məhdudiyyətlərin, pensiya vəsaitlərinin yığımını və hərbi qulluqçuların mənzil təminatı üçün yığımların yerləşdirildiyi kredit təşkilatlarına, habelə pensiya vəsaitlərinin yığımının etibarlı şəkildə idarə olunması barədə müqavilənin qüvvədə olduğu dövrdə şirkət başçılarının riayət etməli olduqları əlavə tələblərin müəyyən edilməsi haqqında” 2014-cü il 25 dekabr tarixli 451-P nömrəli əsasnaməsinin qüvvəyə minməsi ilə əlaqədar dərc olunub.