SİYASƏT
MDB-DƏ BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏ PROQRAMI HAZIRLANIR
MDB İcraiyyə Komitəsinin Moskvadakı iqamətgahında AZƏRTAC-ın müxbirinə demişlər ki, Birliyin aparatında 2003-2004-cü illərdə beynəlxalq terrorizmlə və ekstremizmin digər təzahürləri ilə mübarizəyə dair dövlətlərarası proqramın layihəsi hazırlanır. Layihə MDB-nin üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) aprelin 11-də Düşənbədə keçirilməsi nəzərdə tutulan növbəti iclasınadək hazır olmalıdır.
Həmçinin bildirilmişdir ki, Birliyin hər bir dövləti bu proqramın yaradılması barədə öz təklif və tövsiyələrini vermişdir. Beynəlxalq terrorizmlə mübarizəyə dair dövlətlərarası proqram XİNŞ-in iclasında razılaşdırıldıqdan sonra dövlət başçıları və hökumət başçıları şuralarının müzakirəsinə təqdim ediləcəkdir.
Məlum olduğu kimi, ölkəmiz beynəlxalq terrorizmlə mübarizənin fəal iştirakçılarından biridir, cünki Azərbaycan dövlətinin özü artıq neçə illərdir erməni separatizmi və terrorizmindən əziyyət çəkir. Xatırladaq ki, Azərbaycan Prezidenti Heydər Əliyev MDB-nin iclaslarında dövlət başçılarının diqqətini Birliyin daxilində separatizm təzahürlərinə dəfələrlə cəlb etmiş və ilk növbədə, MDB ölkələri arasında bununla bağlı məsələlərin həll olunmasına çağırmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva