İQTİSADİYYAT
MDB İQTİSADİ ŞURASI İQTİSADİ İNTEQRASİYA MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞDİR
İclasın gündəliyinə MDB İqtisadi Şurası qərarlarının yerinə yetirilməsinin gedişi, MDB dövlət və hökumət başçıları şuralarının iki həftədən sonra Yaltada keçiriləcək növbəti iclasına hazırlıq haqqında məsələlər, habelə iqtisadi sahədə dövlətlərarası və hökumətlərarası əməkdaşlıq proqramlarının işlənib hazırlanmasına və gerçəkləşdirilməsinə dair layihələr daxil edilmişdi.
AZƏRTAC-ın Moskvadakı müxbirinin verdiyi xəbərə görə, iclasda bildirilmişdir ki, ən mühüm tədbirlər planı iqtisadi sahədə qarşılıqlı fəaliyyətin inkişafına dair yekun sənədi kimi təklif olunmuşdur. İqtisadi Şuranın üzvlərinin nəzərdən keçirdikləri bu tədbirlərin əsasını MDB-də iqtisadi sahədə dövlətlərarası münasibətlərdə beynəlxalq standartlara istiqamətləndirilmiş və MDB çərçivəsində qərar və razılaşmaların həyata keçirilməsinin səmərəli mexanizminin yaradılmasına yönəldilmiş hüquqi məkanın formalaşdırılması təşkil edir. Qarşılıqlı ticarətdə maneələrin mərhələlərlə aradan qaldırılması, səmərli ödəniş-hesablama sisteminin yaradılması, milli bazarlarda vicdanlı rəqabəti təmin etməyə imkan verən müvafiq hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur.
Gündəliyə cəmi 17 məsələ daxil idi. Ümumiyyətlə, iclas iştirakçıları Birlik çərçivəsində inteqrasiya proseslərindən razı qaldıqlarını bildirmişlər.