SİYASƏT
MDB İcraiyyə Komitəsində ekspertlər uzlaşdırılmış sosial və demoqrafik siyasət haqqında sənəd üzərində işi tamamlayıblar
Minsk, 14 dekabr, AZƏRTAC
Dekabrın 13-14-də Belarus paytaxtında, MDB İcraiyyə Komitəsində Birlik üzvü olan dövlətlərin uzlaşdırılmış sosial və demoqrafik siyasəti Konsepsiyasının reallaşdırılması üzrə tədbirlər planı layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.
Təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ekspertlər plan layihəsinə aid irad və təkliflərin müzakirəsindən sonra MDB İcraiyyə Komitəsinə təklif ediblər ki, iclasın materialları dövlətdaxili razılaşdırılma üçün Birlik üzvü olan dövlətlərin hökumətlərinə göndərilsin, sonra isə müəyyən olunmuş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim edilsin.
Plan layihəsinin bölmələrində sosial-əmək sferasında, əhalinin sosial müdafiəsi, səhiyyə, demoqrafiya, ekologiya, miqrasiya, əlverişli sosiomədəni mühit yaradılması sahələrində müvafiq tədbirlər görülməsi nəzərdə tutulur. Sənəddə həmçinin, sosial sahədə və demoqrafiya sahəsində əməkdaşlığa dair müqavilə hüququ bazasının təkmilləşdirilməsi üzrə öhdəliklərin təsbit olunduğu bəndlər var.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk