DÜNYA
MDB-NİN HÜQUQ MÜHAFİZƏ ORQANLARI NARKOTİK VASİTƏLƏRİN YAYILMASINA QARŞI MÜBARİZƏDƏ SƏYLƏRİ BİRLƏŞDİRMƏK NİYYƏTİNDƏDİRLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, martın 2-də Saratovda açılmış “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin problemləri” mövzusunda 3-cü Beynəlxalq konfransın iştirakçıları narkotik vasitələri “kütləvi qırğın silahı” adlandırmışlar. Rusiya, Azərbaycan, Özbəkistan, Belarus, Ukrayna və Tacikistanın nümayəndələri Birlik ölkələri ərazilərində narkotik vasitələrin və narkomaniyanın yayılmasına qarşı mübarizə aparmağa hazır olduqlarını bildirmişlər.
RF Narkotik Vasitələrə Dövlət Nəzarəti Komitəsi sədrinin müavini Aleksandr Mixaylovun sözlərinə görə, Rusiyanın coğrafi-siyasi mövqeyi ölkəni narkotik və psixotrop vasitələri Cənub-Şərqi və Orta Asiyadan Avropaya və ABŞ-a fasiləsiz tranzitini təşkil etməyə can atan dünya narkobiznesi üçün cəlbedici edir. Ona görə də qonşu ölkələrin sərhəd məntəqələrində narkotik vasitələr qaçaqmalçılığına qarşı səmərəli mübarizənin təşkili, sərhədlərin möhkəmləndirilməsi və əhali arasında profilaktik işlər aparılması sahəsində birgə səylər zəruridir.