SİYASƏT
MDB ÖLKƏLƏRİ CİNAYƏTKARLIQ, TERRORİZM VƏ NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ BİRGƏ MÜBARİZƏ PROQRAMI HAZIRLAYIRLAR
AZƏRTAC-ın Kiyevdən aldığı xəbərdə deyilir ki, MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurası və Güc Qurumları Rəhbərlərinin Şurası aprelin 8-də burada keçirilən iclasın nəticələrinə əsasən, 2005-2007-ci illər üçün cinayətkarlıq, terrorizm və ekstremizmin digər təzahürləri ilə birgə mübarizə tədbirlərinin hökumətlərarası proqramlarının layihələrini işləyib hazırlamağı məqsədəuyğun bilmişlər. Bunu həmin gün keçirilən mətbuat konfransında Ukrayna XİN-in başçısı Konstantin Qrişşenko iclasda qəbul olunmuş birgə bəyanata istinadla bildirmişdir.
Birliyin XİN və güc qurumlarının rəhbərləri MDB ölkələrinin parlament və hökumətlərinə müraciət edərək, onları milli qanunların cinayətkarlıq, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və digər müasir təhlükə və təhdidlər ilə mübarizəyə dair beynəlxalq müqavilələrin müddəalarına uyğunlaşdırılması üçün səmərəli tədbirlər görməyə çağırmışlar.
K.Qrişşenko demişdir ki, qanunsuz miqrasiyanın qarşısının alınmasında MDB ölkələrinin əməkdaşlığı konsepsiyasının layihəsi, əsasən, bəyənilmişdir. MDB İcraiyyə Xarici Komitəsinə təklif edilmişdir ki, konsepsiyanı MDB-nin Xarici islər nazirləri Şurasının və Dövlət Başçıları Şurasının müzakirəsinə versin.