CƏMİYYƏT
MDB PAA Şurası və ÜST-ün Avropa bürosu COVID-19-la mübarizədə parlamentlərin rolu ilə əlaqədar birgə bəyanat qəbul ediblər
Bakı, 30 noyabr, AZƏRTAC
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenko MDB PAA-nın 51-ci plenar iclasında bildirib ki, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının Şurası və ÜST-ün Avropa bürosu “COVID-19-la mübarizədə parlamentlərin rolu" adlı birgə bəyanat qəbul ediblər.
“MDB PAA Şurasının iclasında əsas mövzu MDB dövlətlərində pandemiya ilə əlaqədar görülən tədbirlərin qanunvericilik təminatı olmuşdur. ÜST-ün Avropa Regional bürosunun direktoru Hans Klugenin də iştirak etdiyi müzakirəni nəzərə alaraq, COVID-19 ilə mübarizədə parlamentlərin rolu ilə əlaqədar birgə bəyanat qəbul edilib. Bu sənəddə MDB PAA Şurası və ÜST-ün bürosu Birlik ölkələrinin parlamentləri və hökumətlərini, digər beynəlxalq təşkilatları pandemiya ilə mübarizədə beynəlmiləl həmrəyliyə çağırıblar", - deyə, Valentina Matviyenko vurğulayıb.