SİYASƏT
MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 25 sənəd imzalanıb VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasında 25 qərar imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 19-da MDB Sərhəd Qoşunları Komandanları Şurasının koordinasiya xidmətinin sədri, Rusiya Sərhəd Qoşunları komandanının sədr müavini general-polkovnik Aleksandr Manilov jurnalistlərə müsahibəsində deyib.
“Bugünkü iclasın gündəliyinə üzv ölkələrin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı 9 mühüm məsələ daxil edilib. İmzalanan sənədlərin əksəriyyəti ölkələrin xarici sərhədlərində, o cümlədən Tacikistan-Əfqanıstan sərhədində və MDB ölkələrinin təhlükəsizliyinə təhdid təşkil edə biləcək hissələrində yaranmış vəziyyətlə bağlı müzakirələrin nəticəsinə dair olub”, - deyə A.Manilov bildirib. General-polkovnikin sözlərinə görə, iclasda sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, habelə sərhəd təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq və informasiya mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.
İclasda mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, sərhədlərdə miqrasiya prosesləri və digər məsələlərin də müzakirə olunduğunu bildirən A.Manilov deyib ki, tərəflər, həmçinin MDB məkanında təhsil müəssisələrində zabit heyətinin hazırlanması məsələsini də gündəliyə çıxarıblar.
“Eyni zamanda, komandanlar sərhədlərdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. İclasda, həmçinin Komandanlar Şurasının Birlik ölkələrinin sərhədlərində təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işi qeyd olunub. Bu gün biz 2017-ci ildə Komandanlar Şurasının iş planının, o cümlədən mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizəyə aid dövlətlərarası beş proqramın icra edilməsinə dair məsələləri müzakirə etdik”, - deyə A.Manilov əlavə edib.