RƏSMİ XRONİKA
MDB ÜZVÜ OLAN ÖLKƏLƏRİN BİTKİ KARANTİNİ ÜZRƏ KOORDİNASİYA ŞURASININ 13-CÜ KONFRANSININ, AVROPA VƏ ARALIQ DƏNİZİ ÖLKƏLƏRİ BİTKİ KARANTİNİ VƏ MÜHAFİZƏSİ TƏŞKİLATININ BAKI SEMİNARININ İŞTİRAKÇILARINA
Sizi – Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin bitki karantini üzrə Koordinasiya Şurasının 13-cü konfransının, Avropa və Aralıq Dənizi Ölkələri Bitki Karantini və Mühafizəsi Təşkilatının Bakı şəhərində keçirilən seminarının iştirakçılarını salamlayıram, konfransın işinə uğurlar arzulayıram.
Respublikamızda fitosanitariyanın inkişafında beynəlxalq təşkilatların, o cümlədən FAO-nun, Avropa və Aralıq Dənizi Ölkələri Bitki Karantini və Mühafizəsi Təşkilatının dəstəyi olmuşdur.
Azərbaycan Respublikası 1951-ci ildə Romada qəbul edilmiş Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına, eləcə də MDB iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının 1992-ci ildə Moskva şəhərində keçirilmiş iclasında imzalanmış “Bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişə 1998-ci ildən qoşulmuşdur.
Azərbaycan Hökuməti bitki mühafizəsi və karantini sahəsində İran İslam Respublikası, Moldova, Özbəkistan, Rumıniya və Ukrayna ilə sazişlər imzalamışdır.
Beynəlxalq təşkilatların texniki maliyyə yardımı ilə Azərbaycanda fitosanitariya sahəsində bir sıra layihələr həyata keçirilmiş, qanunvericilik bazası yaradılmış, beynəlxalq standartlara uyğun müasir avadanlıq alınmışdır.
Əminəm ki, bu konfrans bitki mühafizəsi və karantini sahəsində ənənəvi münasibətlərin inkişaf etdirilməsinə, idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, elmi-texniki təcrübənin mübadiləsinə öz töhfəsini verəcəkdir.
Hörmətli konfrans iştirakçıları!
Xoş məramlı fəaliyyətinizdə sizə yeni nailiyyətlər, hər birinizə cansağlığı və səadət arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 oktyabr 2006-cı il.