CƏMİYYƏT
MDB-də 2021-ci ilin Arxitektura və şəhərsalma ili elan edilməsi planlaşdırılır
Bakı, 17 yanvar, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyində (MDB) 2021-ci ilin Arxitektura və şəhərsalma ili elan edilməsi planlaşdırılır.
AZƏRTAC bu barədə BELTA agentliyinə istinadla xəbər verir.
MDB-nin İqtisadiyyat Şurası yanında iqtisadi məsələlər üzrə komissiyanın Moskvada keçirilən iclasında 2021-ci ildə MDB-də Arxitektura və şəhərsalma ilinə həsr olunan tədbirlər planı layihəsinə ətraflı nəzər salınıb. Sənəd MDB ölkələri başçıları Şurasının 28 sentyabr 2018-ci il tarixli qərarının icrası məqsədilə işlənib hazırlanıb və MDB-yə üzv ölkələrdə Arxitektura və şəhərsalma ilinə həsr olunmuş müxtəlif tematik tədbirlərin keçirilməsini nəzərdə tutur.
Özbəkistanın 2020-ci ildə MDB-yə sədrliyi ilə bağlı məsələlərə xüsusi diqqət ayrılıb. Komissiya üzvləri MDB üzvü olan ölkələrin dövlətlərarası innovasiya əməkdaşlığı proqramının iştirakçı dövlətlərində innovasiyaların kommersiyalaşdırılması mərkəzləri statusunun verilməsi, məhsulun və xidmətin keyfiyyəti sahəsində əldə edilən nailiyyətlərə görə MDB-nin 2019-cu il mükafatının təltif edilməsi haqqında qərar layihələrini bəyənib, həmçinin MDB-nin İqtisadiyyat Şurasının və MDB-nin iqtisadi məsələlər üzrə komissiyasının növbəti iclaslarının gündəliyini və keçirilmə vaxtını razılaşdırıblar. Habelə MDB İcraiyyə Komitəsi tərəfindən hazırlanan MDB-yə üzv ölkələrdə elektron identifikasiya vasitələri ilə malların markalanmasının tətbiqi haqqında praktika barədə məlumat diqqətə çatdırılıb.