CƏMİYYƏT


MDB-də Transfuzioloqlar Şurası yaratmaq təklif olunur

Bakı, 30 aprel, AZƏRTAC

MDB ölkələrinin qan xidmətləri mütəxəssisləri Birlikdə Transfuzioloqlar Şurası yaradılmasını təklif edirlər.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu təşəbbüs “COVID-19 xəstəliyi ilə bağlı epidemiya şəraitində MDB iştirakçısı olan dövlətlərin milli qan xidmətlərinin davamlı fəaliyyətinin təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın qətnaməsində əks olunub.

Konfrans iştirakçılarının fikrincə, Transfuzioloqlar Şurası MDB iştirakçısı olan dövlətlərin milli qan xidmətlərinin qarşılıqlı əlaqələrini möhkəmlətməyə, donor qanının təhlükəsiz tədarük edilməsi sahəsində səyləri birləşdirməyə və operativ informasiya mübadiləsinə şərait yaradacaq. 2022-ci ildə Minskdə transfuzioloqların forumunu keçirmək təklif olunur.

Birlik ölkələrinin nümayəndələri qanın və onun komponentlərinin tədarükü, emal edilməsi və onların keyfiyyətinə nəzarət üzrə mütərəqqi metodların tətbiqinə, onların təbabətdə tətbiqinin effektivliyinin və təhlükəsizliyinin artırılmasına, həmçinin könüllü və təmənnasız donorluğun inkişafına yönəlmiş əməkdaşlığın genişləndirilməsini alqışlayırlar.

Konfransın yekunlarına əsasən qəbul edilmiş qətnamədə göstərilir ki, COVID-19 pandemiyası şəraitində dövlətlərin qandan və onun komponentlərindən hazırlanan müasir, yüksək texnoloji dərman vasitələri ilə təminatı kafi səviyyədə deyil. Koronavirus səbəbindən əhali arasında donor fəallığının zəifləməsi davam edir, donor qanının fasiləsiz və təhlükəsiz tədarükü ilə bağlı bir sıra problemlər yaranır.

Qətnamədə pasiyentlərə tibbi yardım göstərilməsi üçün COVID-19 əleyhinə immun plazma tədarükünün təşkil edilməsi zərurəti, həmçinin koronavirusa qarşı immunoqlobulin dərman preparatının hazırlanmasının və tətbiqinin perspektivli olması təsdiqlənir.

Sənəddə vurğulanır ki, beynəlxalq əməkdaşlıq təhlükəsiz donorluğun inkişaf etdirilməsi üçün mühüm qlobal vasitədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.