CƏMİYYƏT
MDB dövlətləri ərazilərinin sanitar mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib
Moskva, 2 iyun, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin ərazilərinin sanitar mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurası videokonfrans rejimində növbədənkənar iclas keçirib.
AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, infeksion xəstəliklərin profilaktikası üzrə birgə fəaliyyət planının hazırlanması məsələlərini nəzərdən keçiriblər.
MDB Hökumət Başçıları Şurasının mayın 29-da keçirilmiş iclasının qərarlarını, o cümlədən MDB iştirakçısı olan dövlətlərin infeksion xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə ortamüddətli birgə fəaliyyət planının hazırlanması barədə qərarının yerinə yetirilməsinin gedişi müzakirə olunub. Epidemiyalara qarşı mübarizə üzrə kollektiv potensialın artırılmasını nəzərdə tutan sənədin layihəsi “Rospotrebnadzor” tərəfindən hazırlanacaq və tərəfdaşlara göndəriləcək.
Videokonfrans zamanı MDB ölkələrində infeksiyanın yayılması sürətinin daha da azaldılmasına yönəlmiş epidemiya əleyhinə tədbirlər də müzakirə edilib. Vurğulanıb ki, koronavirusa və digər infeksion xəstəliklərə qarşı mübarizə məqsədilə sanitar-epidemioloji xarakterli fövqəladə vəziyyətlərə operativ münasibət bildirmək üçün vahid sistem yaradılması üzrə tərəfdaşlarla qarşılıqlı fəaliyyət davam etdiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva