CƏMİYYƏT


MDB ekspertlərinə DOST agentliyinin işi haqqında məlumat verilib

MDB ekspertlərinə DOST agentliyinin işi haqqında məlumat verilib

MDB-də əhalinin pensiya təminatı sahəsində ən yaxşı təcrübələr müzakirə edilib

Bakı, 3 dekabr, AZƏRTAC

MDB-nin mənzil-qərargahında Birlik iştirakçısı olan dövlətlərdə əhalinin pensiya təminatının təkmilləşdirilməsinə dair müşavirə keçirilib. Videokonfrans rejimində təşkil olunmuş müşavirədə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın, MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Avrasiya İqtisadi Komissiyasının, Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının, Dövlətlərarası Statistika Komitəsinin, “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar) İctimai Təşkilatları” Beynəlxalq İttifaqının Əlaqələndirmə Şurasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspertlər Birlik ölkələrində pensiya təminatı sahəsində iş barədə aktual informasiya mübadiləsi aparıblar.

Azərbaycandan olan ekspertlər bu sahədə öz təcrübələrini təqdim ediblər. Onlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “Bir pəncərə” prinsipi üzrə 156 növ xidmət göstərən DOST mərkəzlərinin işi barədə söhbət açıblar. Bildirilib ki, bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya təminatı, sosial sığorta sahələrinə aid xidmətlər göstərilir.

Belarus nümayəndələri müşavirənin iştirakçılarına bu respublikada könüllü yığım pensiyası sığortası sahəsində yeniliklər barədə məlumat veriblər. 2022-ci il oktyabrın 1-də Belarus Respublikasında əlavə pensiya formalaşmasının yeni mexanizmi işə düşüb. 2022-ci il dekabrın 1-nə qədər bu proqrama 2 minə yaxın işəgötürən cəlb edilib, ölkənin əmək kollektivləri ilə 7 mindən çox görüş keçirilib.

Müşavirə iştirakçıları MDB İştirakçısı olan dövlətlərin milli pensiya sistemlərinin əcnəbi vətəndaşlar tərəfindən pensiya təminatı hüququnun reallaşdırılması perspektivləri baxımından inkişaf etdirilməsi məsələsinə baxmaq təklifi barədə informasiyanı dinləyiblər.

Müşavirə iştirakçılarının ümumi fikrinə görə, sosial xidmətlərin əlçatanlığının təmin edilməsi və yeni pensiya proqramlarının tətbiqi sahələrində qarşılıqlı maraq doğuran məsələlərə dair təcrübə mübadiləsini davam etdirmək zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.