CƏMİYYƏT
MDB iştirakçı dövlətlərinin gənclər təşkilatlarının VI forumu keçirilib
Bakı, 30 dekabr, AZƏRTAC
MDB iştirakçı dövlətlərinin gənclər təşkilatlarının VI forumu keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlayn formatda baş tutan forumun açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Qazaxıstanın Gənclər və Ailə Məsələləri üzrə Komitəsinin sədri Şahmərdan Baymanov, Tacikistan Nazirlər Kabineti yanında Gənclər və İdman Komitəsinin sədrinin birinci müavini Rizo Nazarzoda, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin dövlət gənclər siyasəti departamentinin rəhbəri Denis Aşirov və digər şəxslər çıxış ediblər.
Tədbir çərçivəsində “MDB gənclər paytaxtı” dövlətlərarası proqramın əsasnamə layihəsinin müzakirəsi, “MDB iştirakçı dövlətlərinin gənclər təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığı” və “Pandemiya dövründə MDB iştirakçı dövlətlərində gənclər siyasətinin təşkili üzrə təcrübə” adlı üç plenar sessiya keçirilib.
Azərbaycan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı təmsil edən 30-dan artıq gənclər təşkilatlarının nümayəndələri forumun yekununa dair qətnamə qəbul ediblər. Qətnamədə “MDB gənclər paytaxtı” dövlətlərarası proqramın əsasnaməsinin qəbul edilməsinin vacibliyi, Azərbaycanda və bir sıra MDB iştirakçı dövlətlərində həyata keçirilən “DİM üzrə gənc səfirlər” layihəsinin təcrübəsinə istinadla “MDB iştirakçı dövlətlərinin DİM elçiləri” proqramının hazırlanmasının vacibliyi və “COVID-19” pandemiyasına qarşı mübarizəyə könüllülərin və gənclər təşkilatlarının nümayəndələrinin cəlb olunmasının vacibliyi vurğulanıb.