REGİONLAR
MDB-nin Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin möhtəşəm açılış mərasimi keçiriləcək
Gəncə, 13 mart, Rauf Hacıyev, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə martın 18-də layihənin açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, müsabiqə yolu ilə layihənin loqotipi seçilib, açılış mərasimində çıxış edəcək mədəniyyət kollektivlərinin təqdimatları, eləcə də şəhərdəki əsas məkanların tədbirə hazırlıq vəziyyəti müzakirə edilib.
Azərbaycanın dövlət bayrağının rənglərini özündə əks etdirən üçrəngli, səkkiz guşəli ulduz və onun mərkəzində Gəncə şəhəri Heydər Əliyev Park Kompleksində ucalan Zəfər tağı loqotip üçün əsas təsvir olaraq qəbul edilib.
Tədbirlərin keçiriləcəyi əsas məkan olan Heydər Əliyev Mərkəzində və Park Kompleksində də hazırlıq işləri başa çatıb.
Kompleksin Zəfər tağından başlayaraq Heydər Əliyev Mərkəzinin yerləşdiyi binaya qədər xiyabanın sağ və sol hissələrində 25 pavilyon quraşdırılıb. Bir neçə xarici ölkə nümayəndələrinin də iştirak edəcəyi mərasimdə qonaqlara pavilyonlarda Gəncə şəhərinin çoxəsrlik tarixini, zəngin mədəniyyətini özündə əks etdirən el sənətkarlığı nümunələri nümayiş olunacaq. Həmçinin Gəncə mətbəxinin ləziz xörəkləri, qəlyanaltılar, şərbətlər və müxtəlif şirniyyatlar təqdim ediləcək. Mərasimdə şəhərin bütün idarə, təşkilat və müəssisələri hər biri ayrıca guşə ilə təmsil olunacaq.
Layihənin açılış mərasimində daha çox Novruz bayramının atributlarına üstünlük veriləcək. Gəncədə fəaliyyət göstərən teatrlar, incəsənət və yaradıcılıq mərkəzləri, eləcə də folklor və musiqi kollektivləri tədbirin daha da yaddaqalan olması üçün səhnələşdirilmiş musiqi proqramı ilə çıxış edəcəklər.