CƏMİYYƏT
MDB-nin mənzil-qərargahında baytarlıq sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şuranın iclası keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də MDB-nin İcraiyyə Komitəsində baytarlıq sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şuranın iclası keçirilib.
Şuranın üzvləri Birlik ölkələrində epizootik vəziyyəti, MDB iştirakçı dövlətlərinin 2020-ci ilədək olan dövrdə dabaq xəstəliyinə qarşı mübarizə və profilaktika sahələrində birgə fəaliyyət kompleksinin icrasının gedişini və bu kompleksin tədbirlər siyahısının fəaliyyət müddətinin uzadılmasını, həmçinin 2025-ci ilədək olan dövrdə MDB iştirakçı dövlətlərinin quduzluq xəstəliyinə qarşı mübarizə və profilaktika üzrə birgə fəaliyyət kompleksinin icrasının gedişini müzakirə ediblər.
AZƏRTAC bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir.
İclasda, həmçinin bioloji material mübadiləsi, kənd təsərrüfatında heyvanların artımında genetik materialın təhlükəsizliyinin təmin edilməsi, onların mikrobəleyhinə preparatlara müqavimətinə dair sənədlərə baxılıb.
Şuranın üzvləri MDB iştirakçı dövlətlərinin baza təşkilatı olan heyvanların sağlamlığı üzrə Federal Mərkəzin 2020-ci ilədək planlaşdırılan fəaliyyətinə dair məlumatı dinləyib, heyvan xəstəliklərinə nəzarət və onların diaqnostikası üzrə kadrların ixtisasının artırılması məsələlərini müzakirə ediblər.
İclasda baytarlıq sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şuranın növbəti müddətə sədri seçilib. Bu vəzifəyə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini İvan Smilgin layiq görülüb.