MƏDƏNİYYƏT
MDB ölkələri üzrə gənc arxivçilərin V Yay Məktəbi təşkil olunub
Bakı, 20 iyun, AZƏRTAC
Qazaxıstan Respublikası Prezident Arxivinin və Rusiya Dövlət Humanitar Universitetinin, Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin V Yay Məktəbi təşkil edilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi arxivçilərin ixtisaslarının artırılması, yeni texnologiyalarla tanışlıq, müasir metodların arxiv işinə tətbiqi və arxiv işi sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsidir.
Onlayn və oflayn formatda keçirilən V Yay Məktəbi “Rəqəmsal transformasiya mühitində milli arxiv qanunvericiliyi” mövzusuna həsr edilib. Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Çin, Monqolustan və s. ölkələrdən 350-dən çox arxivçinin qatıldığı tədbirdə ölkəmizi Milli Arxiv İdarəsini İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva və Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Gültən Eminova təmsil edib.
V Yay Məktəbində sözügedən mövzu üzrə məruzəçi qismində Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Çin, Cənubi Koreya və s. ölkələrdən qabaqcıl alimlərin və arxivçilərin çıxışı dinlənilib.