CƏMİYYƏT
MDB ölkələrinin ekspertləri əhalinin sağlamlığının qorunması sahəsində əməkdaşlıq Konsepsiyasına dəyişiklikləri razılaşdırıb
Bakı, 27 may, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin (MDB) əhalinin sağlamlığının qorunması sahəsində əməkdaşlığa dair Konsepsiyanın aktuallaşdırılması üzrə işçi qrupunun iclası olub. Tədbir MDB-nin mənzil-qərargahında keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənədə irad və təklifləri nəzərdən keçirən ekspertlər səs çoxluğu ilə Konsepsiya layihəsinə və MDB İqtisadi Şurası yanında iqtisadi məsələlər üzrə Komissiyanın və MDB Hökumət başçıları Şurasının müvafiq qərarlarına dəyişiklikləri təsdiq ediblər. İşçi qrupunun iclasının yekunları MDB-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə Şurasının növbəti sessiyasına təqdim ediləcək.
Xatırladaq ki, MDB ölkələrində əhalinin sağlamlığının qorunması sahəsində əməkdaşlıq Konsepsiyası Birlik ölkələrinin hökumət başçılarının 2023-cü ildə keçirilən görüşündə təsdiq edilib. Bu sənəd MDB iştirakçısı dövlətlərinin əhalinin sağlamlığının qorunmasını problemlərinin həlli üzrə əsas prinsiplərini, məqsədini, vəzifələrini və istiqamətlərini müəyyən edir.
Lakin Konsepsiyanın qəbul edildiyi vaxtdan bəri Birlik dövlətlərinin səhiyyə sistemlərində struktur dəyişiklikləri baş verib. Bəzi ölkələrdə səhiyyənin qarışıq modeli tətbiq edilir, digərləri icbari tibbi sığorta sisteminə keçib, tibb müəssisələrinin iqtisadi müstəqilliyi genişləndirilib, tibbi xidmətlərin bazarı formalaşıb.
Səhiyyənin rəqəmsallaşması və fərdi yanaşma da fəal inkişaf edir, distansiyalı konsultasiyanın müasir formalarından istifadə olunur, qeyri-infeksion xəstəliklər ilə mübarizə və onların profilaktikasında qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilir.
Qarşılıqlı fəaliyyətin yeni forması baza təşkilatları çərçivəsində əməkdaşlıqdan ibarətdir. Sanitar-epidemioloji vəziyyətin qorunması üçün xüsusi təhlükəli infeksion xəstəliklərə nəzarət üzrə fəal iş aparılır, bu zaman xüsusiləşdirilmiş epidemiya əleyhinə briqadaları üçün mütəxəssislərin hazırlanmasına diqqət yetirilir.
MDB-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə Şurası tərəfindən Konsepsiya normalarının müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə sənədin təkmilləşdirilməsinə dair qərar qəbul edilib.