CƏMİYYƏT
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 15 oktyabr, Leyla Qurbanova, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının Bakıda keçirilən iclası çərçivəsində noyabrın 15-də "Baku Crystall Hall"un Media Mərkəzində “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin müsabiqəsinin qalibi olan gənclərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin bağlanış mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Milli Məclisin deputatı Sevinc Hüseynova, MDB-yə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının sədri Qriqori Petuşkov və başqaları “MDB üçün 100 ideya” beynəlxalq gənclər müsabiqəsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, müsabiqədə MDB-yə üzv dövlətlərdən 30-dan çox gəncin elm, texnika və digər sahələr üzrə layihələri nümayiş etdirilib. Sərgi-müsabiqənin məqsədi MDB-yə üzv ölkələrin gənclərinin sosial-iqtisadi əhəmiyyətli innovativ fəaliyyətlərinin dəstəklənməsi, elmi-texniki yaradıcılığa sövq edilməsi və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsidir.
Sonra müsabiqədə müxtəlif nominasiyalar üzrə qalib elan olunan gənclər - Ələsgər Tarverdiyev, Cəmilə Əlizadə (Azərbaycan), Şuxrux Xaydarov (Özbəkistan), Adilet Toktoqulov, Dastan Rısaliyev (Qırğızıstan), Sulayman Nazrullozoda (Tacikistan), Valeriya Samoylenko, Alyona Barfyonova, Anna Artyunova (hər üçü Rusiya), Lyudmila Sokolovskaya, Dmitri Trusov, Aleksandr Qlutkin (hər üçü Belarus) mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam edib.