CƏMİYYƏT
MDB-yə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclasında Ermənistanın Azərbaycana faşistcəsinə hücumlar etməsindən danışılıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının 27-ci iclası keçirilib. İclasda Azərbaycanı Gənclər və İdman nazirinin müavini İntiqam Babayev təmsil edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın gənclər siyasətinə məsul nazirlərinin iştirak etdikləri iclas COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda təşkil olunub.
İclasın mövzularından biri Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi ilə bağlı olub. Tədbirdə MDB-yə üzv dövlətlərin bu istiqamətdə gördüyü işlərə dair məruzələr dinlənilib.
Nazir müavini İntiqam Babayev Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasında xüsusi töhfəsi olduğunu vurğulayıb, nazirliyin bununla bağlı həyata keçirdiyi bir çox layihələr haqqında məlumat verib. Hər il 9 May - Qələbə Günündə gənclərin müharibə veteranları ilə görüşdüklərini, onların qəhrəmanlıqlarının yaşadıldığını diqqətə çatdırıb.
İntiqam Babayevin Qələbənin 75 illiyini qeyd etdiyimiz bu ildə Azərbaycanın Ermənistan silahlı qüvvələrinin faşistcəsinə hücumlarına məruz qaldığını, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir və digər şəhərlərimizi düşmənin bütün beynəlxalq humanitar hüquq normalarını pozaraq raket atəşinə tutduğunu və nəticədə dinc sakinlərin, o cümlədən uşaqların və qadınların həlak olması və yaralanması barədə məlumat verib.
İclasda MDB-yə üzv dövlətlərin ötən dövrdə gənclər və idman sahələrində gördükləri işlərə nəzər salınıb, ətraflı fikir mübadiləsi aparılıb. Şuraya növbəti il üçün sədrliyin Tacikistana keçdiyi bildirilib.