CƏMİYYƏT


MDB-yə üzv dövlətlərin iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib

Bakı, 28 oktyabr, AZƏRTAC

MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının videokonfrans formatında 34-cü iclası başlayıb.

İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Qazaxıstan Respublikasının əmək və sosial müdafiə naziri Serik Şapkenov, Belarus Respublikasının əmək və sosial müdafiə naziri İrina Anatolyeva, habelə Rusiya, Qırğızıstan, Özbəkistan və MDB-yə üzv digər ölkələrin əmək, məşğulluq və sosial müdafiə üzrə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxsləri, MDB İcraiyyə Komitəsi, MDB Parlamentlərarası Assambleyası, Avrasiya İqtisadi Komissiyası, MDB Ümumhəmkarlar İttifaqları Konfederasiyası, MDB Dövlətlərarası Statistika Komitəsi və s. təşkilatların nümayəndələri iştirak edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, iclasda son illər ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib.

Pandemiya dövründə əhalinin 48 faizini əhatə edən və 3,5 milyard manat maliyyə tutumu olan hərtərəfli sosial-iqtisadi paketin icra edildiyi bildirilib. Son üç ildə ölkəmizdə minimum əməkhaqqının 2 dəfədən çox, orta aylıq əməkhaqqının 66 faiz artdığı, bütün sosial-iqtisadi proqramların vaxtında və uğurla icra olunduğu diqqətə çatdırılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bir il əvvəl 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər qeyd edilib. Ermənistanın işğalından azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində genişmiqyaslı işlər aparıldığı vurğulanıb. Bildirilib ki, azad edilmiş bölgələrdə iqtisadi fəallıq, layiqli həyat şəraiti təmin olunacaq, zəruri kadr potensialı yaradılacaq, aktiv məşğulluq proqramları icra olunacaq. Bütün bu işlər ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcək.

Ölkəmizdə sosial sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, yeni qanun və strategiyaların qəbulu, xidmətlərin avtomatlaşdırılması, sosial ödənişlərin artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təminatı istiqamətində atılan addımlar qeyd edilib.

Qeyri-rəsmi məşğulluq probleminin həlli sahəsində Azərbaycanın təcrübəsinin Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən ən yaxşı təcrübə kimi və Beynəlxalq Əmək Təşkilatı tərəfindən də yüksək qiymətləndirildiyi vurğulanıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığı, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair kompleks Tədbirlər Planı təsdiq edildiyi bildirilib. Görülən kompleks tədbirlər nəticəsində 2017-ci ildən əmək müqavilələrinin sayının 29 faiz artdığı diqqətə çatdırılıb.

Sosial xidmətlər sektorunda şəffaflığı, operativliyi və rahatlığı təmin edən DOST layihəsi, “e-sosial” portalı, “Məşğulluq” altsistemi, onların sosial sahədə mühüm əhəmiyyəti barədə məlumat verilib. Bu ilin 9 ayında nazirliyin e-xidmətlərinə 11,5 milyon, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə isə 104,9 milyondan çox müraciət edildiyini, yaxın vaxtlarda əmək və məşğulluq sahəsində bütün xidmətləri özündə birləşdirən “Əmək münasibətləri və məşğulluq” vahid e-platformasının da istifadəyə veriləcəyi qeyd edilib.

İclasda MDB İcraiyyə Komitəsi və MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə dövlət orqanlarının rəhbər vəzifəli şəxsləri tərəfindən sosial-əmək sahəsində əməkdaşlığın yekunları və qarşıda duran vəzifələr, aparılan sosial islahatlar, əhaliyə sosial xidmətlərin göstərilməsi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və s. mövzularda məruzə və təqdimatlar edilməsi, təcrübə mübadilələri aparılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.