MDU-DA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GECƏSİ KEÇİRİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mədəniyyət evində Azərbaycan mədəniyyəti gecəsi keçirilmişdir. Tədbir ölkəmizin Rusiyadakı səfirliyinin və Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə MDU-nun azərbaycanlı tələbələrinin “Gənclik” birliyi tərəfindən təşkil edilmişdir.
MDU-da təhsil alan tələbələrimiz Rusiyanın bu ən nüfuzlu ali məktəbində əsil Azərbaycan bayramı ab-havası yaratmışdılar. Tələbələrin özlərinin iştirakı ilə olan maraqlı və rəngarəng konsert proqramında Azərbaycan klassik musiqisi və müasir təranələr səsləndirildi, xalq rəqslərimiz ifa edildi.
Tədbirdə tələbələrimiz sıx birlik, həmrəylik, dostluq və birlikdə olmaq, mədəniyyətimizin gözəlliyini və zənginliyini göstərmək, diqqəti ölkəmizə yönəltmək əzmi və arzusu nümayiş etdirdilər.
MDU-nun rektoru Viktor Sadovniçi çıxışında Azərbaycana xüsusi münasibət bəslədiyini bildirdi və MDU ilə Azərbaycan alimləri arasındakı sıx dostluq əlaqələrindən danışdı. O dedi ki, Azərbaycan alimləri dünya elitasına daxil olmuş və dünya elmində yüksək yer tutmuşlar. İndi MDU-da Azərbaycandan 150 tələbə oxuyur və onlar təhsildə qabaqcıllardan sayılırlar. Moskva Dövlət Universitetində Azərbaycanda doğulmuş və ya onunla bağlı olan, yaxud özlərini, sadəcə, azərbaycanlı hesab edən çoxlu müəllim və professor işləyir. O dedi: “Bax, budur böyük dostluq. Bax, budur mədəniyyətlərin əlaqəsi. Bugünkü gecənin həsr edildiyi amal da bundan ibarətdir”.
Rektor Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırlamaya bilmədiyini də söyləyərək dedi ki, o, SSRİ hökuməti sədrinin birinci müavini işləyərkən təhsil məsələlərinin kuratoru idi, MDU üçün dəyərli çox işlər görmüş, onun inkişafına dair çox mühüm və prinsipial qərarların qəbul olunmasına kömək etmişdir. Viktor Sadovniçi üç il əvvəl Bakıda olduğunu və ümummilli liderimiz tərəfindən qəbul edildiyini də xatırladı. O, söhbətin düz üç saat davam etdiyini və Heydər Əliyevin universiteti dəstəklədiyi vaxtlarda baş verən bütün hadisələri dəqiqliyi ilə yadda saxladığına heyran qaldığını söylədi. Rektor dedi: “Mən bu dahi insanı xatırlamağı, onun xatirəsi qarşısında baş əyməyi özümə borc bilirəm”.
V.Sadovniçi çıxışını bu sözlərlə bitirdi: “Biz Azərbaycanı sevirik. Universitetimizdə təhsil alan bütün tələbələri sevirik. Çox istəyirik ki, dostluğumuz əbədi olsun, mədəniyyətlərimiz bir-birini zənginləşdirsin və əbədi olsun”.
Azərbaycan mədəniyyəti gecəsində MDU-nun məzunu, ÜAK-ın vitse-prezidenti, tanınmış alim, “Voprosı istorii” jurnalının baş redaktoru Əhməd İsgəndərov da çıxış etdi.
MDU-nun Mədəniyyət evinin foyesində Azərbaycanı şöhrətləndirmiş şəxsiyyətlərin fotoşəkillərindən ibarət stend, “Azərbaycan mətbəxi” açılmış, Azərbaycan xalçası asılmışdı.
Gecədə MDU-nun tələbələri, Rusiyanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, ölkəmizin Rusiyadakı səfirliyinin, ÜAK-ın nümayəndələri iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var