REGİONLAR
MDU-da Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin qarantıdır mövzusunda konfrans keçirilib
Mingəçevir, 26 iyun, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.
Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə universitetin kollektivini, tələbələrini və məzunlarını təbrik edib. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərə Allahdan rəhmət diləyən rektor ümummilli lider Heydər Əliyevin hələ sovetlər dönəmində ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirdiyini bildirib. Məhz Ulu Öndərin sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycanda hərbi liseylərin və məktəblərin yaradıldığı, gənclərin keçmiş SSRİ-nin aparıcı ali hərbi təhsil müəssisələrinə göndərildiyi diqqətə çatdırılıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev tərəfindən qısa müddətdə nizamlı və sistemli ordunun yaradıldığı, Silahlı Qüvvələrin maddi-texniki bazasının və kadr potensialının gücləndirildiyi qeyd edilib.
Ş.Bayramov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin qüdrətinin davamlı olaraq yüksəldiyini və Azərbaycan əsgərinin dünyanın bir sıra qaynar nöqtələrində sülhməramlı qüvvələrdə iştirak etdiyini vurğulayıb. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Naxçıvan əməliyyatları Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya nümayiş etdirib.
Ali Baş Komandanın iyunun 25-də Mingəçevir şəhərinə səfəri çərçivəsində hərbçilərlə keçirdiyi görüşdəki çıxışından gətirilən sitat konfrans iştirakçıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb: “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.
Sonra konfransda məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından İlham Məmmədov “Azərbaycan xalqının şanlı hərb tarixinə ümumi baxış”, Mirzə Cavadov isə “Müstəqil Azərbaycanda ordu quruculuğu: monolit təməl, davamlı inkişaf” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda davamlı inkişaf edən və müasirləşən Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızı azad etməyə tam hazır olmasına əminlik ifadə olunub.