MDU-da “Sahibkarlıq ekosistemi” mövzusunda seminar keçirilib
AzerTAg.az
Bakı, 17 aprel, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Sahibkarlıq ekosistemi” mövzusunda seminar keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarda Mingəçevir Dövlət Universitetinin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Seminarda Almaniyanın Siegen Universitetinin və SRH Berlin Tətbiqi Elmlər Universitetinin qonaq professoru Müslüm İbrahimovun məruzəsi dinlənilib. Professor məruzəsində sahibkarlıq ekosistemlərinin qurulması, yeni şirkətlərin yaradılması, onların maliyyə, texnologiya, insan resurslarına və bazarlara çıxış imkanlarının genişləndirilməsi haqqında danışıb, uzunmüddətli dövrdə səmərəli və rəqabətqabiliyyətli fəaliyyətin təmin edilməsinə hədəflənən müvafiq bazar şəraitinin formalaşdırılmasından bəhs edib.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.
Qeyd edək ki, kadr hazırlığının keyfiyyət səviyyəsinin yüksəldilməsini diqqət mərkəzində saxlayan MDU-da təhsil alanların bilik və təcrübələrinin artırılması məqsədilə qabaqcıl yerli və xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq təlimlərin və seminarların təşkilinə xüsusi önəm verilir.



Xəbərin mətnində orfoqrafik səhv var