REGİONLAR
MDU ilə “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına başlanılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramına başlanılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seçim mərhələsindən uğurla keçərək proqramda iştirak hüququ qazanmış 16 tələbə “Azərbaycan İES” MMC-də təlimlərə qatılıb.
Proqrama uyğun olaraq, tələbələr noyabrın 22-dən dekabrın 6-dək “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzinin müasir texnologiyalar ilə təchiz olunmuş tədris auditoriyalarında təlimlərdə iştirak edəcək, istehsalatla yaxından tanış olacaq, səriştəli kadrların bilik və təcrübələrindən faydalanmaq imkanı əldə edəcəklər.
Bildirilib ki, sözügedən təlim-təcrübə proqramı bitdikdən sonra, MDU-nun təcrübəli akademik heyət üzvləri tərəfindən “Azərbaycan İES”in gənc əməkdaşları üçün müvafiq təlimlər keçiriləcək.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsil alanlara müasir bilik və bacarıqların ötürülməsi məqsədilə sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.