İQTİSADİYYAT
MEKSİKA AZƏRBAYCANLA NEFT SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA MARAQ GÖSTƏRİR
TƏCRÜBƏ MÜBADİLƏSİNƏ VƏ KONKRET LAYİHƏLƏR ÜZRƏ ƏMƏKDAŞLIĞA BAŞLAMAQ ÜÇÜN YAXIN GÜNLƏRDƏ BU ÖLKƏDƏN AZƏRBAYCANA NÜMAYƏNDƏ HEYƏTİ GƏLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev martın 7-də Meksika Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Salvador Kampos İkardo ilə görüşmüşdür.
Natiq Əliyev Azərbaycanın sənaye və enerji sektorunun mövcud durumu, həyata keçirilən dövlət proqramları, neft və qaz ehtiyatları barədə Meksika səfirinə ətraflı məlumat vermişdir. Meksikanın Amerika qitəsində zəngin neft ehtiyatlarına malik ölkə olduğunu bildirən sənaye və energetika naziri qeyd etmişdir ki, Azərbaycanla bu dövlət arasında ciddi oxşarlıqlar var. Belə ki, hər iki ölkədə dənizdən neft çıxarılır, ümumi daxili məhsulun və dövlət büdcəsinin formalaşmasında neft amili xüsusi çəkiyə malikdir. Ona görə də, hər iki dövlət arasında neft sektorunda əməkdaşlıq, təcrübə mübadiləsi əhəmiyyətli ola bilər və buna ehtiyac var. Ona görə nazirliyin ekspertləri meksikalı həmkarları ilə birgə müxtəlif layihələr üzrə əməkdaşlığa hazırdır.
Səfir Azərbaycana ölkəsində böyük marağ olduğunu, respublikamızın qədim neft ölkəsi kimi bütün dünyada tanındığını qeyd etmiş, bildirmişdir ki, Meksika şirkətləri Azərbaycanın dənizdən neft hasil olunması təcrübəsinə maraq göstərir. O, təcrübə mübadiləsinə və konkret layihələr üzrə əməkdaşlığa başlamaq üçün yaxın günlərdə Meksikadan Azərbaycana nümayəndə heyətinin gələcəyi barədə sənaye və energetika naziri Natiq Əliyevi məlumatlandırmışdır.