ELM VƏ TƏHSİL
MEK Macarıstanın “Arcanum” məlumat bazasına yeni nəşrlər göndərib

Bakı, 8 iyun, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Belə ki, MEK tərəfindən ötən günlərdə Macarıstanın ən böyük rəqəmsal dövri məlumat bazası olan “Arcanum”a növbəti dəfə dəyərli nəşrlər göndərilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, MEK ilə “Arcanum” bazası arasında imzalanmış müqavilə çərçivəsində təqdim edilən nəşrlər Azərbaycanın tarixi həqiqətlərini, mədəniyyətini, incəsənətini özündə əks etdirir.
MEK-in fondlarında olan bu nəşrlərin 30 milyon izləyicisi olan Macarıstanın rəqəmsal dövri məlumat bazasında yerləşdirilməsi daha geniş oxucu auditoriyasına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, MEK sözügedən platformaya fondlarındakı yeni və maraqlı nəşrləri təqdim edən ölkə daxilindəki yeganə qurumdur.