ELM VƏ TƏHSİL


MEK-də “Vikipediya” təlimlərini uğurla başa vuran növbəti qrupa sertifikatlar təqdim olunub

Bakı, 6 iyul, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”ya cəlb olunan növbəti qrupun təlimləri uğurla başa çatıb.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, “Qorqud” Vikipediya Metodik Klubunun, eləcə də YAP Yasamal rayon təşkilatının tərəfdaşlığı ilə MEK-də həyata keçirilən təlimlərdə bu dəfə Bakı Dövlət Universitetinin Filologiya və Kitabxanaçılıq-informasiya fakültələrinin tələbələri iştirak edib. Təlimləri uğurla başa vuran tələbələrə, həmçinin MEK-in Elektron resurslar şöbəsinin bir qrup əməkdaşına diplomların və sertifikatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə MEK-in baş direktoru professor Məmməd Əliyev çıxış edərək “Vikipediya”nın dəyərli bir mənbə olduğunu xatırladıb. Baş direktor bildirib ki, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsi informasiya savaşında da uğurlarımızı şərtləndirir. “Postmüharibə dövründə Azərbaycan haqqında informasiyanı dünyaya düzgün şəkildə çatdırmaq hər birimizin öhdəsinə düşən vətəndaş borcudur. Bu baxımdan burada təlim keçən “Vikipediya” könüllülərinin Azərbaycan bölməsində yaratdığı məqalələr, bununla da ölkəmizdə informasiyanın kontent təhlükəsizliyinə verdiyi töhfə çox dəyərlidir”, - deyə baş direktor bildirib.

“Qorqud” Vikipediya Metodik Klubunun sədri, Milli Məclisin deputatı Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və MEK-in Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova bütün dünyada insanların ilkin mənbə olaraq müraciət etdiyi “Vikipediya”nın mövqeyinin daha da möhkəmləndiyini qeyd ediblər. Çıxış edənlər bu informasiya resursunda Azərbaycan haqqında materialların zənginləşdirilməsinin vacib bir məsələ olduğunu bildirib və tələbələrə bu çətin, lakin şərəfli işdə uğurlar arzulayıblar.

Diqqətə çatdırılıb ki, aprel ayından başlanan təlimlərdə iştirakçılar virtual ensiklopediyada məqalələrin yaradılması, redaktə olunması, digər dillərdən Azərbaycan dilinə məqalələrin tərcümə edilməsi və yerləşdirilməsi istiqamətində mühüm biliklər qazanıblar. Layihə müddətində 100-ə yaxın məqalə yaradılıb və redaktə olunub.

Sonda təlimləri başa vuran iştirakçılara diplom və sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.