ELM VƏ TƏHSİL
MEK-in əməkdaşı Türkiyədə kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklərlə tanış olub
Bakı, 17 dekabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Ankarada səfərdə olub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, səfərin məqsədi müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklərlə tanışlıq, Ankarada təhsil, elm və mədəniyyət qurumlarının fəaliyyətinin və təcrübəsinin öyrənilməsi, yeni əməkdaşlıqların qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi olub.
Görüş çərçivəsində M.Göyüşlü Hacettepe Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun təşkil etdiyi və şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji münasibətlərinin Qarabağ müharibəsinə təsiri” mövzusunda çıxış edib.
Hacettepe Universiteti kitabxanasının müdiri Pınar Alla ilə görüşdə ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişafında elmi-mədəni irsin mübadiləsinin zəruriliyi vurğulanıb, gələcək illərdə kitabxana işi sahəsində mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi və konfransların keçirilməsi nəzərdə tutulub.
M.Göyüşlünün Türkiyənin Ölçmə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) sədri professor Halis Aygün, Hacettepe Universiteti Ədəbiyyat fakültəsinin dekanı Mehmet Öz və digər elm, təhsil, mədəniyyət, ictimaiyyət nümayəndələri ilə görüşlərində gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi qərara alınıb.
Səfər zamanı MEK-in əməkdaşı Gənc Alimlər Dərnəyinin Ortaq türk tarixi mövzusunda keçirilən tədbirinə qatılaraq AMEA alimlərinin fəaliyyəti, ölkəmizin intellektual potensialı haqqında iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, səfər zamanı aparılan müzakirələr və keçirilən görüşlər MEK ilə əməkdaşlıqların bundan sonra daha da genişləndirilməsinə imkan yaradacaq.