ELM VƏ TƏHSİL
MEK-in əməkdaşları üçün “İctimaiyyətlə əlaqələr və media” mövzusunda təlim təşkil edilib
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) və ali məktəbin jurnalistika fakültəsinin əməkdaşlarına “İctimaiyyətlə əlaqələr (PR) və media” mövzuda təlim-seminar keçib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən MEK-in direktoru Leyla İmanova təlim-seminarın jurnalistika fakültəsi ilə 2018-ci ildə imzalanmış müqavilə çərçivəsində keçirildiyini söyləyib. O, kitabxananın informasiya istehsal edən və paylaşan bir qurum olduğunu, ictimaiyyətlə əlaqələrin, media ilə işin təşkilinin daha peşəkarcasına qurulmasının vacibliyini vurğulayıb.
Vüqar Zifəroğlu təlim zamanı müasir dövrdə media və ictimaiyyətlə əlaqələrin qurulması, press-relizin yazılması və müsahibənin verilməsi qaydaları, böhran vəziyyətində müəssisənin rəhbərliyinin, “PR” işinə cavabdeh şəxslərin davranışları və s. mövzularda geniş məlumat verib. O, ictimaiyyətlə əlaqələri düzgün istiqamətdə tənzimləməyin, müəssisənin fəaliyyəti haqqında mediaya dolğun məlumat ötürməyin vacibliyindən bəhs edib, dünyada “PR” anlayışına 500-dən artıq tərif verildiyini deyib.
Məruzəçi “PR” dedikdə “imicin idarə edilməsi” tərifinə üstünlük verdiyini və “PR” ilə bağlı addımların məhz bu anlama yönəldilməsinin vacibliyini vurğulayıb.
İnteraktiv şəkildə keçən təlimdə iştirakçılar sual və təkliflər verərək mövzu barədə fikirlərini səsləndiriblər. İkigünlük tədbirin sonunda təlimin iştirakçılarına sertifikatlar, BDU-nun əməkdaşlarına isə sertifikatla yanaşı, kitabxananın birillik oxucu kartı təqdim edilib.
Gələcəkdə hər iki qurumun birgə təlim və seminar keçirməsi nəzərdə tutulub.