ELM VƏ TƏHSİL
MEK tərəfindən Aziz Kliment Ohrili Milli Kitabxanasına nəşrlər hədiyyə edilib
Bakı, 1 iyul, AZƏRTAC
Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi məqsədilə davamlı olaraq xarici ölkə kitabxanaları ilə kitab mübadiləsi həyata keçirən AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Skopya şəhəri Aziz Kliment Ohrili Milli Kitabxanasına müxtəlif nəşrlər hədiyyə edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, nəşrlər Azərbaycanda səfərdə olan Şimali Makedoniyanın sabiq naziri, Makedoniya Türk Hərəkat Partiyasının sədr müavini, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin üzvü Elvin Hasan və Şimali Makedoniyanın Siyasi Quruluş və İcmalararası Əlaqələr nazirinin müavini Cabir Dokoya təqdim edilib. Kitablar sırasında “Azərbaycan tarixi (History of Azerbaijan, D.İsmailov), “Azərbaycanda qeyri-müsəlman azlıqlar”, (NON-Muslim minorities in Azerbaijan”,R.Gurbanov), “Avrasiyanın türk toponimləri” (Turkic toponyms of Eurasia, B.Budagov), “Hüseyn Cavidin “Topal Teymur” tamaşasının tərcüməsi və izahı” (The translation and explanation of Hussein Javids “Topal Teymur” play, M.Babaeva) və digər nəşrlər yer alır.
Müxtəlif elm sahələrini əhatə edən sözügedən nəşrlər kitabxanaya diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk tərəfindən təqdim edilib.