Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI SAHƏSİNDƏ İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

Azərbaycan Respublikasında uzun illər ərzində aparılan böyük quruculuq işləri nəticəsində irimiqyaslı meliorasiya və su təsərrüfatı sistemləri və qurğuları tikilib istismara verilmiş, çoxsahəli meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Bununla belə, müasir dövrdə ölkənin dinamik sosial-iqtisadi inkişafı bu sahədə iqtisadi münasibətlərin təkmilləşdirilməsini, dövlət idarəetməsinin və təsərrüfat fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq həyata keçirilməsini tələb edir.

Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmə sistemini təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəsini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən, torpaqların su təminatını həyata keçirən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin