DÜNYA


MH370 reysinin sərnişinlərinin qohumları Malayziya hökumətinə itmiş təyyarənin yeni parçalarını təhvil veriblər

Tokio, 30 noyabr, AZƏRTAC 

“Malaysia Airlines” şirkətinə məxsus MH370 reysi ilə uçan və 2014-cü ildə itən təyyarənin sərnişinlərinin qohumları laynerə mənsub olduğu güman edilən yeni parçaları nəqliyyat naziri Entoni Lokeyə təhvil veriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.

Xatırladaq ki, “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə Kuala Lumpurdan Pekinə uçarkən radarlardan itib. Göyərtəsində 239 nəfərin olduğu təyyarənin Hind okeanının cənub hissəsinə düşdüyü güman olunur.

“The Star” qəzetinin məlumatına görə, yeni parçalar nəqliyyat nazirinə noyabrın 30-da təhvil verilib. İtkin təyyarəyə məxsus olduğu güman edilən beş parça 2016-cı ilin dekabrından 2018-ci ilin avqustunadək Madaqaskarın üç müxtəlif hissəsində tapılıb. Parçaları kənd sakinləri və yerli balıqçılar aşkar ediblər. Parçaların təhvil verilməsi vaxtı E.Loke bildirib ki, hökumət itmiş laynerin axtarışları ideyasından tam imtina etməyib: “Əgər əsaslı dəlillər varsa, biz axtarışların bərpasına hazırıq”.

İtkin düşmüş MH370 reysinin təhqiqatı üzrə Malayziya Dövlət Komissiyasının 2018-ci ilin iyulunda dərc etdiyi hesabata əsasən, laynerin itməsinin səbəblərini tam şəkildə araşdırmaq mümkün olmayıb. Bununla yanaşı, təyyarənin əsas hissəsinin yeri də naməlum olaraq qalır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.