İQTİSADİYYAT


MİDA 40 milyon manatlıq özəl investisiya cəlb edəcək

Bakı, 2 aprel, AZƏRTAC

Dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsi nəticəsində Bakının Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə 12 çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin qalibi “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) investisiya qoyuluşu müqabilində “MİDA” MMC-nin sifarişi ilə hazırlanan və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikinti işlərini aparmaq, inşaat işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir.

Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli) yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı 3 otaqlı, 27-si 4 otaqlı) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq.

Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin təqribən 40 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.

“Kristal Abşeron MTK” MİDA tərəfindən cəlb olunmuş artıq 4-cü özəl investordur.

Xatırladaq ki, agentliyin ilk layihəsi - Yasamal Yaşayış Kompleksinin ərazisində bina tikintisi, müvafiq telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin tikintisi üçün MİDA tərəfindən daha öncə 3 investor cəlb olunub və nəzərdə tutulan 18 milyon manat investisiya vəsaitinin 11 milyon manat hissəsi uğurla reallaşdırılıb.

Strateji Yol Xəritəsinə əsasən, MİDA tərəfindən həyata keçirilən dövlət-özəl tərəfdaşlığı layihələri ölkədə uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradır, eyni zamanda, investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə töhfə verir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.